30 yanvar

Areq Koçinyan: "Vensin səfəri TRIPP layihəsinə siyasi impuls verə bilər" - AÇIQLAMA

“ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycan və Ermənistana gözlənilən səfəri çox mühüm və rəmzi əhəmiyyət daşıyan hadisədir.

Bu barədə təhlil.az saytına “Armenian Council” (“Erməni Şurası”) tədqiqat mərkəzinin rəhbəri Areq Koçinyan açıqlamasında deyib.

O bildirib ki, ABŞ-nin vitse-prezidenti Vensin Bakı və İrəvana səfəri həm Ermənistan–ABŞ və Azərbaycan–ABŞ münasibətlərinin inkişafı baxımından, həm də Vaşinqtonda TRIPP sazişi və tərəflər arasında imzalanmış ikitərəfli bəyannamələrlə başlanan proseslər kontekstində olduqca əhəmiyyətlidir:

“İstisna etmirəm ki, Vensin Ermənistana səfəri zamanı TRIPP layihəsinin tikintisinə başlanması ilə bağlı hansısa simvolik tədbir də keçirilsin”.

Onun fikrincə, bu, kommunikasiyaların açılması prosesində mühüm mərhələ ola bilər:

“Söhbət konkret olaraq Ermənistan ərazisində dəmir yolu hissəsinin tikintisinə başlanmasından gedir. İrəvanla Vaşinqton arasında ikitərəfli əməkdaşlığa gəldikdə isə, burada bir neçə əsas istiqamət mövcuddur. Bunlardan biri nüvə enerjisi sahəsində əməkdaşlıqdır. Ermənistan Atom Elektrik Stansiyası köhnəlib və erməni tərəfi yeni Amerika atom stansiyasının tikilməsində maraqlıdır. İkinci istiqamət yarımkeçiricilər və süni intellektdir. Üçüncü istiqamət isə TRIPP kommunikasiyalarıdır”, – deyə ekspert qeyd edib.

Ekspert vuğulayıb ki, Zəngəzur dəhlizi (TRIPP) layihəsinin reallaşdırılmasına qarşı çıxan ölkələr var:

“Tramp marşrutu”nun tikintisinin kimləri narahat etdiyinə gəlincə, bunlar Rusiya və İrandır. Açıq demək lazımdır ki, kommunikasiyaların açılması məsələsində amerikalıların əldə etdiyi nəticələr Moskvanın cəhdlərindən qat-qat uğurludur. Bu gün Rusiyanın tərəfdən passiv-aqressiv davranış müşahidə edirik. Bu proseslər onlara sərf etmədikdə, xüsusən də böyük geosiyasi proseslər fonunda – hansı ki, bunlar əsasən nə Azərbaycanla, nə Ermənistanla, nə də Cənubi Qafqazla bağlıdır, daha çox Ukrayna və Rusiya–ABŞ münasibətləri ilə əlaqəlidir. Moskva çox ehtiyatlı və passiv mövqe tutur. Bunun nə qədər davam edəcəyini isə demək çətindir”.

Bu səbəbdən Koçinyanın fikrincə, həm Bakı, həm də İrəvan TRIPP layihəsinin icrasını sürətləndirməlidir:

“Bütün bunlar nə qədər tez həyata keçirilsə, bir o qədər yaxşıdır. Çünki layihələr tam istifadəyə verilməzdən əvvəl onların pozulması ehtimalı daha yüksəkdir, nəinki istifadəyə verildikdən sonra. Yəni, əgər hər şey tamamlanarsa və qatarlar hərəkətə başlasa, TRIPP layihəsinin iflasa uğraması ssenarisinin ehtimalı xeyli azalacaq. Buna görə də tələsmək lazımdır”.

Onun sözlərinə görə, bu proseslərdən narazı olan ikinci aktor İrandır:

“Lakin Tehran məsələsində vəziyyət ikili xarakter daşıyır. Bir tərəfdən İran prezidentinin administrasiyası, onun müşavirləri və nazirləri dəmir yolu layihəsi ilə bağlı müsbət fikirlər səsləndirirlər. Xüsusilə də İran prezidenti Pezeşkianın Ermənistana səfərindən sonra. Digər tərəfdən isə İranın ali dini liderinin bəzi müşavirlərinin bu proseslərə qarşı çox sərt və mənfi mövqe sərgilədiyini görürük”.

Erməni ekspert Bakı ilə İrəvan arasında iqtisadi əməkdaşlığın başlanmasını müsbət qiymətləndirib.

“İqtisadi əməkdaşlıq münasibətlərin normallaşması prosesində çox mühüm mərhələdir. Bu, təkcə bizim vəziyyətimizdə deyil, ümumilikdə belədir. Bizim halda isə proses kifayət qədər sürətlə baş verdi. Xüsusilə vurğulamaq istəyirəm ki, Əbu-Dabidə liderlərin görüşündən və Vaşinqtonda əldə olunan razılaşmalardan sonra biz Azərbaycan–Ermənistan münasibətlərində tamamilə yeni reallıqlarda yaşayırıq”.

Bu reallıqların cəmi bir yaşı var, lakin bu müddət ərzində çox sayda ciddi irəliləyiş əldə olunub. Paralel şəkildə bir neçə istiqamət üzrə normallaşmaya doğru proseslər gedir. İqtisadi əməkdaşlıq da həmin istiqamətlərdən biridir. Bununla yanaşı, ritorikanın dəyişməsi də vacibdir, neqativlik səviyyəsi xeyli azalıb. Eyni zamanda, sərhədlərin delimitasiya və demarkasiyası prosesinin davam etdirilməsinin zəruriliyindən danışmaq lazımdır”, – deyə politoloq qeyd edib.

O, həmçinin kommunikasiyaların açılması mövzusunun vacibliyini vurğulayıb və bu sahədə maraqlı proseslərin getdiyini dilə gətirib:

“Bu yaxınlarda eşitdik ki, Yerasx–Sədərək sahəsində dəmir yolu xəttinin texniki yararlılığı öyrənilib. Xatırladım ki, bu, Naxçıvanı Ermənistan dəmir yolu şəbəkəsinə bağlayan əsas hissədir. O zaman belə bir sual yaranır ki, bu nə üçün vacibdir? Əslində Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birləşdirilməsinin ən sadə və sürətli yolu Ermənistan ərazisindən, Ermənistan dəmir yolu şəbəkəsi üzərindən keçir. Daha sonra Gürcüstan vasitəsilə Azərbaycana çıxış mümkündür. Bu, bir neçə həftə ərzində Azərbaycan dəmir yollarının öz anklavı ilə əlaqələndirilməsinin ən real yoludur. Bu, həm də “Tramp marşrutu” çərçivəsində dəmir yolunun tikintisinə də müsbət təsir göstərə bilər”.

Rasim Babayev  

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?